Həyata gülərək vida edən sənətkar

 

   Yüzlərlə obrazları bir yana o, təkcə Azərbaycan kinosunun şah əsərlərindən olan “O olmasın, bu olsun” filmində yaratdığı və dünya çapının parlaq obrazlarından biri sayılan Məşədi İbad roluna görə bütün zamanlarda yaşayacaq, seviləcək və alqışlanacaq.

   Mayın 31-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Əliağa Ağayevin anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Sənətkarın 100 illik yubileyi barədə Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən gecənin ssenari müəllifi və aparıcısı Xalq artisti Ramiz Novruz, rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov idi.

   İştirakçılar əvvəlcə teatrın foyesində məşhur aktyorun həyat və yaradıcılığını əks etdirən fotosərgiyə tamaşa etdilər.

   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan teatrkinosunun parlaq simalarından olan Əliağa Ağayevin zəngin sənət yolundan söz açdı. Qeyd olundu ki, Əliağa Ağayev sənət fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında başlasa da, 1961-ci ildən 1982-ci ilə qədər ömrünün ən müdrik çağlarını Akademik Milli Dram Teatrının səhnəsində keçirib.

   Böyük aktyorla bağlı xatirələrini bölüşən nazir müavini Əliağa Ağayevin son dərəcə səmimi və doğru-dürüst bir insan olduğunu bildirdi: “Kino fəaliyyəti ilə yanaşı, Akademik Milli Dram Teatrının səhnəsində klassiklərin əsərlərində yaratdığı silsilə obrazlar onu xalqın sevimlisinə çevirdi”.

   Yubiley gecəsində Əməkdar incəsənət xadimi, tanınmış telerejissor Məhərrəm Bədirzadə Əliağa Ağayevin televiziya fəaliyyətindən danışdı. Bildirdi ki, Azərbaycan Dövlət Televiziyasında görkəmli aktyorun rol aldığı tamaşa və səhnəciklərin lent yazıları qorunub saxlanılır. Vaxtilə televiziyanın ən sevilən verilişlərindən olan “Səhər görüşləri”ndə Əliağa Ağayevin yüksək sənətkarlıqla yaratdığı obrazlardan söz açıldı.

   Xalq artisti İlham Namiq Kamal unudulmaz aktyorla bağlı xatirələrini bölüşdü: “Əliağa Ağayev ona görə sənətkar idi ki, o yalnız öz işi ilə məşğul idi. Öz sənətinin nökəri idi, xidmətçisi idi. Sadə, səmimi, halal bir insan idi. Onu hamı sevirdi. Mən özümü çox xoşbəxt sayıram ki, “Qəribə oğlan” tamaşasında, “Daşqın” əsərində bu böyük sənətkarla gənc yaşımda dublyor olmuşam. Azərbaycan teatrına çoxları gəldi. Amma heç kim Əliağa Ağayev zirvəsinə qalxa bilmədi. Əliağa Ağayev dünən də var idi, bu günvar, gənc nəsil üçünsə sabah da olacaq”.

   Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkarın kino fəaliyyəti barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, Əliağa Ağayev “O olmasın, bu olsun” filmində Məşədi İbad, "Sehrli xalat"da Xan, "Görüş"də Şıxəli, "Əhməd haradadır?" filmində Kassir, "Qanun naminə"də Anbardar, "Bir məhəlləli iki oğlan"da Feyzi, “İstintaq davam edir"də Kişi və digər yaddaqalan rolları ilə tamaşaçı rəğbəti qazanıb. Əliağa Ağayev gülüş ustası kimi Cahangir Zeynalov və Mirzəağa Əliyevin əsasını qoyduqları sənət məktəbinin ən yaxşı davamçısı oldu. Fitri istedadı ilə epizodik rolları belə yadda qaldı.

   Gecədə sənətkarın vaxtilə oynadığı rollardan fraqmentlər nümayiş olundu. Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Dairəvi məhəbbət” pantomima tamaşasını təqdim etdilər.

   Xatırladaq ki, Əliağa İsmayıl oğlu Ağayev 1913-cü il martın 22-də Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdində sənət məktəbinə daxil olub. Sonra zavodda çilingər işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qara olub.

   1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb.

   Aktyor 1961-ci ildə Akademik Dram Teatrının kollektivinə qəbul olunub. Burada ilk orijinal rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında Abış Surxayeviç obrazıdır. İyirmi iki il Akademik Teatrda işləyən sənətkar müxtəlif səpkili xarakterik rolları ilə geniş tamaşaçı rəğbəti qazanıb.

   Sevilən aktyor 1943-cü ildə respublikanın Əməkdar artisti, 1954-cü ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Səhnə görkəmi ilə ağır olan Əliağa Ağayev obrazın ifasında çox sərbəst, hərəkətlərində çevik, danışığında duzlu-məzəli idi. Yaradıcı aktyor obrazın xarakterini ilk əvvəl danışıqda tapır, sonra onun bədii məzmununa uyğun formanı dəqiqləşdirirdi. O, ilk növbədə komik xarakter aktyoru idi buna görə komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verirdi. Həyatda da şuxluğu xoşlayan Əliağa Ağayev 1983-cü il noyabrın 3-də pərəstişkarları dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə dünya ilə vidalaşıb... Ruhu şad olsun!

  

   Təranə Vahid

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 7.